- 26 Oktyabr 2018
Şəfa ocağı Duzdağ
Hər qarışı tarixin sirləriylə dolu Naxçıvanın möcüzəvi və şəfalı yerlərindən biri də 1979-cu ildən Naxçıvan şəhəri yaxınlığında fəaliyyət göstərən Duzdağ mağarasıdır.
Şəfa ocağının şaxta hissəsi dəniz səviyyəsiydən 1173 metr yüksəklikdə, Naxçıvan şəhərindən 12,2 km aralıda duz mədəninin ikinci əsas daş sexində, girişdən 300 metr məsafədə, 110 metr dərinlikdə 9 əsas işlənmiş ştrixdə fəaliyyət göstərir. Naxçıvan şəhərindən Duzdağ Fizioterapiya Mərkəzinə 9,8 km, mərkəzdən şaxtaya 2,4 km-dir.
Naxçıvan MR Duzdağ Fizioterapiya şəfa ocağının müalicəvi təsirinin digər duz şaxtalarından üstünlüyü ondadır ki, şaxta horizontal yerləşdiyindən, xəstələr yeraltı hissəyə adaptasiya olunaraq girirlər. Həmçinin, şaxtada ventilyasiya təbiidir, mikrob cisimciklər aşağı səviyyədədir, allergenlər yox dərəcəsindədir.
Şaxtada müalicə alan xəstələrdə 3-5 gündən sonra müsbət terapevtik effekt müşahidə olunur. Belə ki, bəlğəm ifrazı azalır, boğulma tutmaları qeyd olunmur. Tutmaların ağırlığı yüngülləşir, ağ ciyərlərdə quru və yaş xırıltılar azalır. Xəstələrə ildə bir, lazım gələrsə iki dəfə müalicə kursu almaq məsləhət görülür (ardıcıl 3 il olmaq şərtilə).